- Offside
- 22:48 26.11.2024
Azərbaycan Badminton Federasiyası (ABF) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə məktəblərdə badmintonun interaktiv inkişafına həsr olunmuş brifinq keçirilib.
Federasiyanın Mətbuat xidmətindən "Corner.az"a verilən məlumata görə, Qəbələdə təşkil olunan görüşdə 30-a yaxın məktəb direktoru iştirak edib.
ABF-in vitse-prezidenti Aynur Səmədova və baş katib Ramil Hacıyev tədbir iştirakçılarını salamlayaraq son zamanlar federasiyada görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, ötən aylar ərzində ölkənin 5 regionunda həyata keçirilən “Shuttle Time” proqramı çərçivəsində ümumilikdə 800-ə yaxın idman müəllimi və məktəbli Azərbaycan Badminton Federasiyasının keçirdiyi təlimlərdə iştirak edib.
Ardınca federasiyanın məktəblərdə badmintonun tədrisi üçün nəzərdə tutulan yeni layihəsi “Badminton kids” proqramı tədbir iştirkaçılarına təqdim olunub. 4 hissədən ibarət proqrama 2-4-cü sinif şagirdlərinin cəlb olunması nəzərdə tutulub. Federasiya proqram çərçivəsində məktəbliləri invertarla təmin edəcək. Məktəblilərə badmintonun nəzəri və praktiki biliklərini aşılamaq üçün mütəxəssislər ayrılacaq. Layihənin əsas məqsədi ölkədə badmintonun kütləviliyinə dəstək olmaq, bu idman növünə maraq oyatmaqdır.
Bundan əlavə, görüşdə tədbir iştirakçılarına bu yay Qəbələdə və Nardaran qəsəbəsində keçirilməsi nəzərdə tutulan “Badminton shine” yay düşərgəsi ilə bağlı məlumat verilib.
İnteraktiv keçirilən iclasda müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda məktəb direktorları Azərbaycan Badminton Federasiyası ilə fəal əməkdaşlığa görə sertifikatla təltif olunub.