Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında 21-ci “Irina Deleanu Cup” adlı beynəlxalq turnirə yekun vurulub. Corner.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən gimnastımız Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasına görə isə bürünc medal qazanıb. Komandamızın digər üzvləri Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə çıxışına görə 3-cü olub.
Polşanın Varşava şəhərində də bədii gimnastika üzrə “XIV İrina Cup” adlı beynalxalq turnir keçirilib. Yarışda böyüklər arasında qüvvəsini sınayan İlona Zeynalova çoxnövçülük yarışlarında qızıl, halqa ilə hərəkətlərin icrasına görə isə gümüş medal əldə edib.
Gənclər arasında mübarizə aparan komandamızın üzvü Kamilla Qafarova da çoxnövçülük yarışlarında qızıl medal qazanıb. Bu yaş kateqoriyasında çıxış edən daha bir təmsilçimiz Mədinə Dəmirova isə topla hərəkətlərin icrasına görə gümüş medala sahib çıxıb.