Futzal üzrə Yüksək Liqada final matçından sonra komandaların mükafatlandırılması mərasimi keçirilib. Corner.az xəbər verir ki, mükafatları komandalara AFFA-nın baş katibi Sərxan Hacıyev, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov təqdim ediblər.
Əvvəlcə final matçının hakimlərinə – Knyaz Əmiraslanov, Ziya Nəsirov, Rza Məmmədov, eləcə də hakim-inspektor Füzuli Nəcəfov – diplomlar təqdim olunub.
Ardınca müxtəlif nominasiyalar üzrə fərqlənənlərə fəxri kürsüyə dəvət olunub. Ən yaxşı qapıçı Emin Kürdov (EKOL), ən yaxşı oyunçu Rizvan Fərzəliyev (Araz), ən yaxşı məşqçi isə Elşad Quliyev (Neftçi İK) seçilib. Mövsüm ərzində 46 qol vuran Maneka bombardir olub. Gənc qapıçıların yetişdirilməsi və milli komandalara qazandırılması istiqamətindəki fəaliyyətinə görə məşqçi Ağakərim Həsənova təşəkkürnamə verilib.
Daha sonra “Neftçi” İK-ə bürünc, EKOL-a gümüş, “Araz”a (Naxçıvan) qızıl medallar təqdim olunub. Sonda “Araz”ın kapitanı Rizvan Fərzəliyevə çempionluq kuboku verilib.