Azərbaycanın cüdo üzrə milli komandaları müxtəlif yaş kateqoriyalarında 3 beynəlxalq yarışda təmsil olunur. Corner.az xəbər verir ki, idmançılarımız Sarayevoda (Bosniya və Herseqovina) böyüklər, Nanterredə (Fransa) gənclər, Buxarestdə (Rumıniya) isə yeniyetmələr arasında təşkil olunan Avropa Kubokunda mübarizəyə başlayıblar.
Sarayevoda qadınlardan ibarət milli yığmamızın cüdoçusu Aytac Qardaşxanlı komandamızın aktivinə bürünc medal qazandırıb.
Gənclər yığmamız Nanterredə ilk günü 4 medalla başa vurub. 60 kq çəkidə yarışan Turan Bayramov gümüş, Nurlan Kərimli isə bürünc medal qazanıb. 66 kq-da Qasım Vəlizadə təsəlliverici mərhələdə bürünc medala sahib olub. 73 kq çəkidə yarışan Vüsal Qələndərzadə finalda fransalı rəqibi Danil Zubkoya uduzaraq gümüş medalla kifayətlənib.
Yeniyetmə cüdoçularımız isə Buxarestdəki yarışın ilk günündə 6 medal qazanıblar.
Məhəmməd Məmişov (50 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib.
55 kq-da mübarizə aparan Şahin Oruczadə qızıl, eyni çəkidə yarışan digər idmançımız Məhəmməd Musayev bürünc medal qazanıb.
66 kq-da yarışan Mehdi Cəfərov qızıl, Əbil Yusifov isə bürünc medal əldə edib.
Yeniyetmə qızlardan isə yalnız Vüsalə Hacıyeva (52 kq) bürünc medal qazanıb.