Futzal üzrə Yüksək Liqada mövsümün ən yaxşı qapıçısı seçilən EKOL-un qolkiperi Emin Kürdov Futzal Federasiyasının rəsmi saytına açıqlama verib. Corner.az xəbər verir ki, o, yarışla bağlı təəssüratlarını bölüşüb:
“Pley-off oyunları kifayət qədər gərgin keçdi. Həm bizim, həm də “Neftçi”nin finala adlamaq şansı var idi. Qarşımıza qoyulan tapşırıq minimum həlledici duelə vəsiqə qazanmaq idi ki, bunun öhdəsindən gəldik. Amma bu, asan başa gəlmədi. Üç oyunçumuz sarı vərəqə limitini doldurduğuna görə, final oyunundan kənarda qaldı. Nəzərə alsaq ki, heyətimiz 12 nəfərdən ibarətdir və onlardan 2-si qapıçıdır, bu itkilərin hansı əhəmiyyət daşıdığını anlamaq çətin olmamalıdır. Bura rəqibin gücünü də əlavə edək. “Araz”ın (Naxçıvan) heyətində kifayət qədər təcrübəli futzalçılar yer alıb. Komanda millinin bazasıdır. Legionerləri də komandaya güc qatırlar. Düzdür, “Araz”a cari mövsümün əsas mərhələsində ilk və yeganə yeligini biz yaşatmışdıq. Onda tam heyətlə meydana çıxmışdıq, mübarizə apardıq, əzmkarlıq göstərdik və bunu bacardıq.
Mövsümü ikinci pillədə başa vurduq. Gümüş medalı da komandamız üçün uğurlu nəticə saymaq olar. Qış fasiləsindən sonra əsas heyət üzvlərindən bir neçəsi komandadan ayrıldı. Onların gedişindən sonra güclənə bilmədik. Amma baş verənlərin fonunda finala vəsiqə qazandıq. Artıq neçə il idi bunu bacarmırdıq. Rəqibimizi çempion olması münasibəti ilə təbrik edir, Çempionlar Liqasında uğurlar arzulayıram.
Ən yaxşı qapıçı seçilməyimə gəldikdə, maraqlı oyunlar keçirdik. Xüsusilə də pley-off mərhələsində hər iki görüşümüz gərginliyi ilə yadda qaldı. Bacardığım qədər komandama kömək etməyə çalışdım. Tək qurtarışlarımla yox, vurduğum qollarla da qələbələrimizdə pay sahibi oldum. Seçimə görə səs verənlərə təşəkkür edirəm. Yeni mövsümdə də statusumu qorumağa çalışacam”.