“Oranı tərk etmək üçün çox çətin anlar yaşadım. Bu, fiziki vəziyyətimin bir hissəsini aldı”. Corner.az xəbər verir ki, bu sözləri “Sabah” klubunun futbolçusu Lukas Rangel Ukraynadan ayrılması ilə bağlı “Terra” nəşrinə açıqlamasında deyib.
26 yaşlı futbolçu müharibə səbəbindən çox problemlərlə üzləşdiyini bildirib:
“Bir neçə gün düzgün qidalanmadım, yatmadım, gəzmədim və məşq etmədim. Psixoloji problemlərim oldu. Şübhəsiz ki, yaşadıqlarım çox ağırdır.
Son bir neçə oyunda özümü daha yaxşı hiss edirəm və inkişaf etdiyimi görürəm”.
Braziliyalı hücumçu “Səbail”ə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 26-cı tur oyunundakı qolu barədə də danışıb:
“Bu qolu əvvəldən vurmaq istəyirdim, amma top qapıya girməməkdə israr edirdi. Sevinirəm ki, fərqlənə bildim. Qol həmişə sevincə səbəb olur. Ümid edirəm ki, qol vurmağa və “Sabah”a kömək etməyə davam edəcəm”.