Futzal üzrə Yüksək Liqanın 2021/22 mövsümündə 46 qolla ən məhsuldar futzalçı olan “Araz”ın (Naxçıvan) hücumçusu Maneka federasiyanın mətbuat xidmətinə açıqlama verib. Corner.az xəbər verir ki, o, qazandığı uğuru belə şərh edib:
“Debüt ilim idi. Biz “Araz”a UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunları ərəfəsində qoşulduq. Elə ilk qollarımı da Latviyada təşkil olunan qrup görüşlərinda vurdum. Çempionat isə maraqlı alındı. Mövsümə çətin matçlarla başladıq. Amma tədricən ağırlığımızı hiss etdirməyə, zirvəyə yüksəlməyə nail olduq. Əlbəttə, qarşıya konkret məqsəd qoyulmuşdu. Komanda çempion olmalı idi. Bu yolda hər kəs üzərinə düşəni etməliydi. Çempionatda ən çox qol vuran futzalçı olduğuma görə şadam. Ancaq fərdi mükafat heç vaxt komandanın uğurundan öndə gələ bilməz. Ona görə də çalışırdım ki, komandam qələbə qazansın. Kim daha əlverişli mövqedə dayanırdısa, düzgün açılırdısa, ona ötürmə edirdik. Yəni qolu kimin vurması yox, “Araz”ın qələbə qazanması prioritet idi. Hər ikisinə, eləcə də “Araz”ın yeni mövsümdə də UEFA Çempionlar Liqasında iştirak edəcəyinə nail olduğumuza görə, istirahətə şən əhval-ruhiyyədə yollanacağıq.
Vurduğum qolların hamısı mənim üçün əzizdir, vacibdir. Hansınısa xüsusi seçmək istəməzdim. Vacib olan komandama faydalı olmaq idi. Düşünürəm ki, işimin öhdəsindən gəldim.
Klubda qalıb-qalmayacağımla bağlı danışıqlar gedir. Burada özümü xoşbəxt hiss edirəm. Ailəm də yanımda oldu. Bakı gözəl şəhərdi, heç bir problemlə üzləşmədim. Yaxın günlərdə qərarımı açıqlayacam”.