Futbol üzrə İran çempionatında 28-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Persepolis”i qəbul edib. “Traktorçular” bu oyununda xoşagəlməz hadisə baş verdiyi üçün görüş yarıda qalıb. Belə ki, qonaq komandanın futbolçusu Omid Alişah təbrizli azarkeşlərə daş atdığı üçün iki komandanın futbolçuları arasında dava düşüb və oyun 70-ci dəqiqədən yarımçıq dayandırlıb. Qarşılaşmanın sabah qaldığı yerdən davam etdiriləcəyi bildirilir.
Pandemiyadan bəri ilk dəfə “Traktor”un 70 min fanatı bu oyunda bir arada olub və komandalarına dəstək nümayiş etdiriblər. Onlar Azərbaycanla da bağlı ənənəvi şüarlarını səsləndirməyi də unutmayıblar.
“Traktor” 27 turdan sonra 25 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.