Böyük Britaniyanın Mançester şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatı davam edir. Corner.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın daha 2 taekvondoçusu mübarizəyə qoşulub.
58 kq çəki dərəcəsində çıxış edən Pərviz İskəndərov ilk döyüşündə fransız taekvondoçu Sirian Ravetə 7:8 hesabı ilə məğlub olaraq çempionatı erkən başa vurub.
87 kq-da mübarizə aparan Milad Beigi Hərçəqani isə ilk görüşünü yunanıstanlı Yannis Papadopulosa qarşı keçirib. Avropa və ikiqat dünya çempionu, Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan təmsilçimiz 22:1 hesabı ilə qalib gəlib. Ardından Hərçəqani italiyalı Roberto Bottanı da 5:3 hesabı ilə məğlub edib. Lakin türk idmançı Taha Bicer ilə gərgin keçən döyüşdə qızıl xalla məğlub olan taekvondoçumuz mübarizəni dayandırmalı olub.
Bu gün həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayıb. 70 kq-dakı İmaməddin Xəlilov startda özbəkistanlı Asilbek Husanovu sınağa çəkib. Bu rəqibinə qalib gələn idmançımız yarımfinala yüksəlib. Gürcüstan təmsilçisi Giorgi Nikoladzeni də yarışdan kənarlaşdıran Xəlilov finala vəsiqəni təmin edib. Həlledici döyüşdə meksikalı Xuan Lopes Qarsiya ilə qarşılaşan İmaməddin məğlub olaraq Avropa çempionatının gümüş medalına sahib olub.
Xatırladaq ki, ilk yarış günündə parataekvondoçulardan Sabir Zeynalov bürünc medal qazanmışdı.