- Offside
- 23:17 29.10.2024
"Sevinirəm ki, yenə qalib oldum. Həm çox ağır, həm də çox şən alındı".
Corner.az xəbər verir ki, bunu Azərbaycan qılıncoynadanı Anna Başta İtaliyanın Padua şəhərindəki Qran-pridə qızıl medal qazanması barədə danışarkən deyib.
2022-ci ildə üçüncü böyük yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacaran 26 yaşlı idmançı qələbə sayını 3-ə çatdırdığını xatırladıb: "Təəssüf ki, bu mövsümlük Qran-pri və Dünya Kuboku yarışları başa çatdı. Yoxsa məmnuniyyətlə daha iki yarışda qalib gələ bilərdim. İkinci Dünya Kubokunu qazandığım vaxt hamı "Anna, üçüncünü də qazan" deyir, yazırdı. Futboldakı kimi "het-trik" etməyimi istəyirdilər. Əlbəttə, bu, çox həyəcanverici idi. Düşünürdüm ki, belə bir uğuru təkrarlaya biləcəyəmmi? Finala yüksəldikdə isə demək olar ki, hər şeyin cibimdə olduğunu anladım. İşi sona çatdırmaq üçün bir az da işləmək lazım idi ki, bunu da etdim".
Başta qarşıdakı nüfuzlu yarışlarda da uğurlarını davam etdirmək niyyətində olduğunu vurğulayıb: "Qılıncoynatma fanatlarını, komandamı sevindirdiyim üçün çox məmnunam. Bu, bizə çox lazımdır. Qarşıdan Avropa və dünya çempionatları gəlir. Hər iki çempionat bizim üçün çox vacibdir. O cümlədən, bu qələbə də. Çünki güclü olduğumuzu bütün dünyaya və ilk növbədə, özümüz-özümüzə göstəririk".
Qeyd edək ki, Anna Başta daha əvvəl Bolqarıstanın Plovdiv şəhərində və Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Kubokunun mərhələ yarışında qızıl medal qazanıb. Qılıncoynadan hazırda qadın sablyaçıların dünya reytinqində 4-cü pillədə qərarlaşıb.(report)