- Offside
- 22:48 26.11.2024
"Bir il də oynamaq istəyirəm. Hiss edirəm ki, gücüm var. Təklif olsa, dəyərləndirib oynamaq olar. Təklif olmasa, istər-istəməz karyeramı bitirməli olacağam. Hər şey təkliflərdən asılı olacaq."
Corner.az xəbər verir ki, bunu "Səbail" klubunun kapitanı Rahid Əmirquliyev "Report"a müsahibəsində deyib. Müsahibəni təqdim edirik:
- Mövsümü 15 xalla sonuncu pillədə başa vurdunuz. Uğursuzluğun əsas səbəbini nədə görürsünüz?
- Bunun çox səbəbi var. Çempionatı belə başa çatdırmaq istəməzdik. Komandadakı futbolçu çatışmazlığı özünü göstərdi. Ehtiyat oyunçularımız az idi. Bu isə uzun marafonda çətinlik yaradır. Komandada zədə problemləri də oldu. Ardıcıl 2-3 oyun eyni heyətlə qarşılaşmalara çıxa bilmirdik. Ümid bəslədiyimiz oyunçulardan da çox yararlana bilmədik. Bəzi komanda yoldaşlarımız cəza səbəbindən bir çox matçı buraxdı və sabit heyəti qoruya bilmədik.
- Klub müqaviləni yenilədikdən bir həftə sonra baş məşqçi Aftandil Hacıyevlə vidalaşdı. Sizcə, ona haqsızlıq olmadı?
- Aftandil müəllimin komandadan ayrılması bizim üçün gözlənilməz oldu. Haqsızlıq məsələsinə gəlincə, nə səbəbdən komandadan ayrıldığını bilmirəm. Buna görə heç nə deyə bilməyəcəyəm. Lakin hamımız elə bilirdik ki, Aftandil müəllim klubda qalacaq. "Səbail"də onun əziyyəti çox olub. Klubdan ayrılma səbəbini bilmədiyim üçün nəsə deməyim düzgün deyil. Hacıyevə böyük hörmətim var, 4 il birlikdə işləmişik. Ona gələcək karyerasında yalnız uğurlar arzulaya bilərəm.
- "Səbail"lə müqaviləniz başa çatır. Klub sizə yeni sözləşmə təklif edibmi?
- Hələlik yeni müqavilə üçün danışmamışıq. Aramızda söhbət belə olmayıb.
- Baş məşqçinin istefaya göndərilməsindən sonra komandada qalacaqsınız?
- Yenə vurğulamaq istəyirəm ki, komandadakı taleyimlə bağlı danışığımız olmayıb. Təklif gəlsə, dəyərləndirmək olar.
- Digər klublarla danışıq aparmısınız?
- Xeyr. Niyə sizə yalan danışım? Heç bir klubla danışıq aparmamışam və təklif də gəlməyib.
- Premyer Liqaya yüksələn komandalardan "Turan Tovuz" və "Kəpəz" təcrübəli oyunçular axtarır. Bu klublar da sizinlə maraqlanmayıb?
- Hər iki komandanın əsas liqada olması şad xəbərdir. Bu bölgələrdə həmişə futbol və azarkeşlər olub. Onlara kluba növbəti mövsümdə uğurlar arzulayıram. Ancaq bu klublardan da mənə təklif gəlməyib.
- Bu komandalardan birində oynamaq istəyərsiniz?
- İlk növbədə təklif olmalıdır ki, mən də bu barədə nəsə danışım. Təxminən 10 il "Xəzər Lənkəran" klubunun formasını geyinmişəm. Bölgədə, rayonda futbol ab-havası başqa cür olur. Bu komandaların azarkeşləri, fanatları da çoxdur.
- 33 yaşınız var. Daha neçə il futbol oynamağı planlaşdırırsınız?
- Bir il də oynamaq istəyirəm. Hiss edirəm ki, gücüm var. Təklif olsa, dəyərləndirib oynamaq olar. Təklif olmasa, istər-istəməz karyeramı bitirməli olacağam. Hər şey təkliflərdən asılı olacaq. Karyeramı başa vurandan sonra futbol sahəsində qalıb işləməyə davam etmək niyyətindəyəm.