30 oktyabr 2024. Çərşənbə

Müstəqillik Gününə həsr olunan stolüstü tennis turniri keçirildi


  • Offside
  • 17:56 27.05.2022
  • Oxunma sayı: 91
Müstəqillik Gününə həsr olunan stolüstü tennis turniri keçirildi

28 may Müstəqillik Gününə həsr olunan stolüstü tennis üzrə ənənəvi “Top-8” turniri keçirilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) Corner.az-a verilən məlumata görə, yarışa ölkə çempionatında ilk 8 yeri tutan idmançılar qatılıb.

“Şüa” İdman Kompleksində təşkil olunan turnirin açılış mərasimində iştirakçıları salamlayan federasiyanın baş katibi Könül Mikayılova bu cür turnirlərin qarşıdakı beynəlxalq yarışlara hazırlıq baxımından əhəmiyyətli olduğunu bildirib.

Şəxsi xarakter daşıyan yarışda kişilərdən Emin Məmmədov, Adil Əhmədzadə, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Hüseyn Eylazov, Xəyal Həşimli, İbrahim Ansari və Əliverdi Şahgəldiyev qüvvəsini sınayıb. Qadın tennisçilərdən isə Rüfət Əliyeva, Məryəm İmanova, Nəzakət Qarayeva, Mərziyə Nürmətova, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Aliyə Haşımova və Billurə Eminova qələbə uğrunda mübarizə aparıb.

Dairəvi sistem üzrə 2 yarımqrupda keçirilən turnirin nəticələrinə əsasən kişi tennisçilərdən E.Məmmədov baş mükafata layiq görülüb. V.Allahverdiyev 2-ci, N.Məmmədov 3-cü yeri tutub.

Qadınların yarışı L.Abdulhəmidovanın qələbəsi ilə yekunlaşıb. İlk "üçlüy"ü müvafiq olaraq M.Nurmətova ilə N.Qarayeva tamamlayıb.

Qeyd edək ki, stolüstü tennisçilərin idman ustalığını artırmaq, qarşıdakı beynəlxalq yarışlara hazırlıq və bu idman növünün təbliği məqsədi ilə keçirilən turnirin qaliblərinə ASTF-nin diplom və hədiyyələri təqdim olunub.







Offside