- Offside
- 23:17 29.10.2024
Abşeron Olimpiya Kompleksində Fransa döyüş sənəti sayılan savat döyüş növü üzrə Azərbaycan çempionatı keçirilib.
Corner.az-ın məlumatına görə, yeniyetmələr, gənclər və böyüklər arasında baş tutan yarışda ümumilikdə 20 bölgə və paytaxt klublarından 300-dək idmançı iştirak edib.
Açılış mərasimində Dövlət Himni səsləndirildikdən və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildiksən sonra tədbirdə qonaq qismində iştirak edən şəhid valideynlərinə övladlarının ölkə qarşısında xidmətlərinə, eləcə də qazilərə vətən müharibəsində göstərdikləri qəhrəmanlığa görə federasiya adından təşəkkür plaketləri təqdim edilib.
Mərasimdə çıxış edən federasiyanın vitse-prezidenti, Fransa - Azərbaycan Universitetinin icraçı direktoru Vazeh Əsgərov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Oruc Məmmədli, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov şəhid valideynlərinə və qazilərə təşəkkür edib, savat döyüş növünün Azərbaycanda son dönəmlərdə geniş vüsət aldığını bildiriblər.
Federasiya prezidenti Rafiq Əliyev tərkibinə 100-dən çox ölkəni daxil etmiş dünya, eləcə də Avropa savat federasiyalarının Azərbaycanda bu idman növünün inkişafı ilə bağlı məmnunluq ifadə etdiklərini bildiriblər. Beynəlxalq yarışlarda idmançıların nümunəvi çıxışlarını hər zaman vurğulayan rəsmilər tezliklə Azərbaycanda mötəbər yarışların təşkili üçün çalışmalar aparılacağını bildirirlər.
Azərbaycan çempionatının yekunlarına əsasən milli komandalar yenidən formalaşdırılacaq. Gənclər 21 - 24 iyulda Avstriyanın Veyts şəhərində keçiriləcək Avropa birinciliyi, böyüklər isə 20 - 23 sentyabrda İtaliyanın Milan şəhərində baş tutacaq dünya çempionatı üçün təlim-məşq toplanışına cəlb olunacaqlar.
Qeyd edək, Fransa boksu adlanan Fransa döyüş sənəti növündə əl və ayaqlar bərabər ölçüdə istifadə olunur. Bu növ qərb boksu və ayaqla zərbələrin kombinasiyasından ibarətdir.