Bakıda atıcılıq üzrə davam edən Dünya Kubokunun bugünkü yarışında həyəcanlı anlar hər kəsin gözünü yaşardıb.
Corner.az xəbər verir ki, 50 metr məsafəyə tüfəngdən atəş üzrə finalda Ukrayna atleti Sergiy Kuliş hindistanlı Suapnil Kusaleni 16:10 hesabı ilə yenərək qızıl medal qazanıb.
“Vətənimdəki müharibə ilə bağlı 3-4 aydır yarışlara qatılmırdım. Ona görə də Dünya Kubokuna köklənmək psixoloji baxımdan çətin idi. İstənilən halda hədəflədiyim qızıl medalı qazandım” – deyən ukraynalı çempion azərbaycanlılara təşəkkür edib.
Azərbaycana ilk səfəri olmadığını bildirən Sergiy Kuliş əlavə edib: “Ona görə də burada gördüyüm xoş münasibət və yaradılan əla şərait məni təəccübləndirmədi. Atletlərin rahatlığı üçün hər cür imkan yaradılıb. Bakıda olduğum bu neçə gündə söhbətləşdiyim insanlardan Ukraynaya dəstək gördüm. Bu, məni çox sevindirir və ruhlandırır”.