Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunmuş “Böyük Dəbilqə” turniri davam edir. Corner.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulub.
Onların hamısı çıxışlarına 1/16 final mərhələsindən start veriblər.
73 kq çəki dərəcəsindəki Telman Vəliyev ilk görüşündə türkmənistanlı İlham Kemalovu məğlub etsə də, növbəti qarşılaşmasında yerli idmançı Georgi Çixelidzeyə qızıl xal bölümündə uduzaraq, mübarizəni dayandırıb.
81 kq çəkidə yer alan cüdoçulara gəlincə, Zelim Tçkayev Səudiyyə Ərəbistanından olan Məhəmməd Əlhərbini yendikdən sonra kanadalı Etyen Brayana qalib gəlib. 1/4 finalda isə o, Ukraynanı təmsil edən erməni Gevorq Manukyandan üstün olub. Tçkayev yarımfinalda Gürcüstan təmsilçisi Tato Qriqalaşvili ilə dueldən məğlub ayrılıb. Bürünc medal qarşılaşmasında özbəkistanlı Şarofiddin Boltaboyevlə üz-üzə gələn idmançımız qızıl xal bölümündə uduzaraq, 5-ci yerlə kifayətlənib.
Bu çəkidəki digər təmsilçis Elcan Hacıyev isə ilk görüşündə qırğızıstanlı Vladimir Zoloyevi, daha sonra moldovalı Viktor Sterpunu üstələyib. 1/4 finalda isə o, tacikistanlı Şodmon Rizoyevi yenərək, yarımfinala yüksəlib. Finala gedən yolda rəqib cənubi koreyalı Junhvan Li olan idmançımız məğlubiyyətlə üzləşib. Hacıyevin bürünc medal uğrundakı rəqibi italiyalı Titsiano Falkone olub. Azərbaycanlı cüdoçu rəqibini 37 saniyəyə məğlub edərək bürünc medal əldə edib.
Beləliklə, Azərbaycan millisi ikinci yarış gününü bir bürünc medalla başa vurub.
Xatırladaq ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) da bürünc medal qazanmışdı.