28 noyabr 2024. Cümə axşamı

Londonda Dəmir Yumruq adlı yarış keçiriləcək


  • Offside
  • 01:10 05.06.2022
  • Oxunma sayı: 197
Londonda Dəmir Yumruq adlı yarış keçiriləcək

İyunun 5-də Londonda Muay tay və kikboksinq üzrə “Dəmir Yumruq” (İron Fist) adlanan yarış keçiriləcək.

Corner.az-ın məlumatına görə, yarışın təşkilatçısı Azərbaycan kikboksinq yığmasının sabiq üzvü, 7 qat Azərbaycan, 3 qat dünya və 3 qat Avropa çempionu, peşəkarlar arasında Avropa çempionu, K-1 üzrə Britaniya çempionu Hafiz Baxşəliyevdir.

Turnirdə Böyük Britaniya, Çexiya, İtaliya, Polşa, Fələstin və digər ölkələrdən olan idmançılar iştirak edəcəklər. “Dəmir Yumruq”da azərbaycanlı idmançının da iştirakı nəzərdə tutulsa da, viza ilə bağlı ortaya çıxan problem həmyerlimizin çıxışını əngəlləyib. 

Sabahkı yarışın II Qarabağ müharibəsi zaman ölkəmizdə xeyli populyarlaşmış ifadəyə uyğun “Dəmir Yumruq” adlandırılması heç də təsadüfi deyil. Hafiz Baxşəliyevin təşkilatçılığı ilə daha əvvəl Londonda "Xarıbülbül" adlı turnir də keçirilib. Həmin vaxt turnir zamanı zaldakı monitorlarda İkinci Qarabağ müharibəsinin simvolu olan Xarıbülbül sərgilənib.

Qeyd edək ki, 2009-cu ildən Londonda yaşayan Hafiz Baxşəliyev Birləşmiş Krallıqda Britaniya Azərbaycanlıları Assosiasiyasının prezidentidir. Geridə qalan illər ərzində o, Azərbaycanın dünyaya tanıdılması, haqq səsimizin ucaldılması üçün Böyük Britaniya paytaxtında müxtəlif tədbirlərin təşkilatçısı olub. Məhz bu səbəbdəndir ki, H.Baxşəliyev bu ilin aprelində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları arasında yer almışdı.  







Offside