Bu ilin may ayında ironman üzrə növbəti dünya çempionatı keçirilib. Corner.az xəbər verir ki, pandemiya səbəbindən yarışın baş tutduğu ərazi Havay adalarının Koni şəhərindən Sent Corc şəhərinə köçürülüb. Həmin şəhərdə may ayında suyun 14-15 dərəcə soyuq olması, velosipedlə 2 200 metr, qaçışda isə 500 metr yüksəlmə bu çempionatı Ironman tarixindəki ən çətin yarış hesab edilməsinə səbəb olub.
Bunlarla yanaşı, günəşin yandırıcı şüaları qaçışı və velosiped sürməyi daha da mürəkkəbləşdirib. Ağır şərtlərə baxmayaraq, Aydın Kərimov ironman dünya çempionatındakı tam məsafəni başa vurub bayrağımızı dalğalandıran Azərbaycanın ilk təmsilçisi olub.
Ümumilikdə Ironman yarışının tam məsafəsi 3,8 kilometr üzgüçülük, 180 kilometr velosiped yürüşündən və 42,2 kilometr qaçışdan ibarətdir. Məhz bu səbəbdəndir ki, yarışa verilmiş 3 800 ərizəyə baxmayaraq yalnız 2 800 iştirakçı qoşula bilib və onların 20 faizi missiyanı tamamlaya bilməyib, digər yarışlarda isə bu göstərici 7 faizə bərabər olub.
Aydın bu yarışın öhdəsindən 14 saat 15 dəqiqədə gəlməyi bacarıb. Bu yarışla birlikdə o, üç dəfə ironman titulunu qazanıb: Barselonada keçirilən ilk yarışı 10 saat 50 dəqiqədə, Tallindəki digər yarışı isə 11 saat 53 dəqiqədə tamamlayıb.
Aydın həm də azərbaycanlı triatlonçuları birləşdirən “AlphaTriClub”u yaradıb. Klub ölkəmizdə triatlon idman növünü böyüklər və uşaqlar arasında təbliğ edir və yarışlar təşkil edir.