Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter səhhətindəki problemlərə görə məhkəmədə ifadə verə bilməyib. Corner.az “Associated Press” agentliyinə istinadla xəbər verir ki, iyunun 8-də Lozannada (İsveçrə) 86 yaşlı keçmiş funksioner, eləcə də UEFA-nın sabiq prezidenti Mişel Platininin məhkəməsi başlayıb.
İsveçrə Baş Prokurorluğu onları dələduzluqda, vəsaitlərin mənimsənilməsində, cinayətkar idarəetmədə və saxtakarlıqda ittiham edir. 2011-ci ildə onlar 2 milyon İsveçrə frankı məbləğində ödəniş təşkil ediblər və prokurorlar bunun qanunsuz olduğunu bildiriblər.
İfadə verməsinə bir saat qalmış Blatter nəfəs almaqda çətinlik çəkməyə başlayıb və məhkəməsinin növbəti günə təyin olunmasını istəyib:
“Özümü yaxşı hiss etmirəm. Mənim problemlərim var. Düzgün nəfəs ala bilmirəm. Hazırda özümü suallara cavab vermək iqtidarında hiss etmirəm” – FİFA-nın keçmiş prezidenti bildirib.
Nəticədə, Blatterin xahişi təmin edilib.
Məhkəmənin 11 gün davam edəcəyi gözlənilir.
Blatter və Platini təqsirli bilinərsə, onları 5 ilə qədər həbs gözləyir.