16-19 iyunda Polşanın Poznan şəhərində akademik avarçəkmə üzrə dünya kubokunun 2-ci mərhələsi keçiriləcək. Corner.az xəbər verir ki, Azərbaycanı turnirdə Bəhmən Nəsiri təmsil edəcək. İdmançımız 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yarışlarda qüvvəsini sınayacaq.
Bu, koronavirus pandemiyasından sonra avarçəkənlərimizin qatıldığı ilk dünya kuboku olacaq.
Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş 1-ci mərhələ (27-29 may) ilə müqayisədə Poznanda daha çox - 36 ölkədən 600-dən artıq idmançı mübarizə aparacaq. 2019-cu ildən bu yana ilk dəfə olaraq Avstraliya, Yeni Zelandiya, ABŞ və Kanadadan olan komandalar geniş heyətlə dünya kubokuna qatılacaqlar. Polşada ən böyük heyətlə isə Almaniya komandası iştirak edəcək - 23 qayıq.
Dünya kubokunun qalibləri üç mərhələnin yekununa əsasən müəyyənləşəcək. Yarışların 3-cü mərhələsi 8-10 iyul tarixlərində İsveçrənin Lütsern şəhərində baş tutacaq.