Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə U-17 Avropa çempionatı sona yaxınlaşır. Corner.az xəbər verir ki, yarışın 6-cı günündə sərbəst güləşdə son 5 çəkidə mübarizəyə start verilib.
Sadiq Hüseynov (45 kq) qitə birinciliyinə inamlı start verib. Güləşçimiz əvvəlcə erməni Arman Harutyunyana (12:2), daha sonra isə türkiyəli Hacı Zadəyə (10:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Hüseynovun rəqibi gürcü Nikolos Botçorişvili olacaq.
Mübarizəyə 1/4 finaldan qoşulan Elman Ağayev (51 kq) çətinlik çəkmədən finala yüksəlib. Təmsilçimiz gürcü Laşa Qoqadze (10:0) və türkiyəli Mustafa Karabuğanı (14:3) tam üstünlüklə məğlub edərək adını finala yazdırıb. Ağayev son görüşdə erməni Narek Hakobyanla münasibətləri aydınlaşdıracaq.
Ağa Qasımov (60 kq) təsnifat mərhələsində ukraynalı Boqdan Oleksiyenkodan (10:2), 1/8 finalda estoniyalı Janar Lipsdən (11:4), 1/4 finalda moldovalı Yon Berqidən (4:3), yarımfinalda isə polşalı Dominik Yakub Yaquşdan (13:2) güclü olub. Qasımov finalda türkiyəli Abdullah Toprakla qarşılaşacaq.
Ağanəzər Novruzov (71 kq) rumıniyalı Konstantin Morar (13:2) və isveçrəli Nik Şerrerə (12:1) vaxtından əvvəl qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə polşalı Bartlomey Novakovskini 8:2 hesablı qələbəylə mübarizədən kənarlaşdıran Novruzov yarımfinalda bolqar Kaloyan Atanasovla bacarmayıb - 0:6. Ağanəzər bürünc medal uğrunda güləşəcək.
Rəvan Musayev (92 kq) ilk mərhələdə litvalı Armanis Tomas Barsamyanı yolundan kənarlaşdırıb - 8:5. 1/4 finalda macarıstanlı Musa Arsunkayevə 2:8 hesabıyla məğlub olan Musayev bürünc medal görüşündə ukraynalı Yaroslav Lisniakla qarşılaşacaq.
Qeyd edək ki, medal görüşləri iyununda 19-da Bakı vaxtı ilə 19:00-da başlayacaq.