28 noyabr 2024. Cümə axşamı

Mariya Stadnik mənə çox kömək oldu - Avropa çempionu


  • Offside
  • 14:32 19.06.2022
  • Oxunma sayı: 85
Mariya Stadnik mənə çox kömək oldu - Avropa çempionu
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında 1 dəst medal qazanan qızlardan ibarət Azərbaycan yığması vətənə qayıdıb.

Corner.az xəbər verir ki, 66 xalla komanda hesabında 5-ci yeri tutan milli komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idmançılar və yığma üzvlərinin yaxınları qarşılayıb.

Yığmanın böyük məşqçisi Həsrət Məmmədyarov qazanılan uğurda federasiya rəhbərliyinin rolunu qeyd edib: "Onlardan çox razıyıq. Yüksək səviyyədə təlim-məşq toplanışları keçdik. Görüşlər əla keçdi. Biz istədiyimizə nail ola bildik. Əlbəttə, daha çox medal qazana bilərdik. Qızlarımızdan birinin ilk görüşdə qolu əzildi. Çalışacağıq ki, dünya çempionatında bundan da yaxşı nəticə göstərək. Bu qızların yaxşı perspektivi var. Ruzanna və Elvinanın çıxışı çox xoşuma gəldi. Bir az da yaxşı hazırlaşsaq, daha yüksək nəticələr əldə edə bilərik”.

49 kq-da Avropa çempionu olan Ruzanna Məmmədova Azərbaycanın titullu güləşçisi Mariya Stadnikin ona çox köməyi olduğunu bildirib: "Güclü təlim-məşq toplanışları keçdik. Bunun üçün məşqçilərimizə və federasiya rəhbərliyinə təşəkkür edirəm. Dünya çempionatına az qalıb. İnşallah, həmin yarışa daha yaxşı hazırlaşıb, bundan da yüksək nəticələr əldə edərik. Son 1 ayda Mariya Stadnik bizimlə birgə məşq keçdi. O, mənə çox kömək oldu. Sparrinq kimi bütün məşqlərdə mənimlə işlədi. Mariya ilə birgə bu yarışa hazırlaşmaq mənim üçün böyük stimul oldu. Ona minnətdarlığımı bildirirəm".

Avropa çempionatında 43 kq-da gümüş medal qazanan Elvina Kərimzadə yarışa çox ciddi hazırlaşdıqlarını vurğulayıb: "İnanıram ki, dünya çempionatına bundan da yaxşı hazırlaşıb, bayramızı yüksəklərə qaldıracağıq".

46 kq-da Avropa üçüncüsü olan Aysel Məmmədzadə vətənə əliboş qayıtmadıqları üçün sevindiyini söyləyib: "İnanıram ki, qarşıdan gələn dünya çempionatında daha yaxşı çıxış edəcəyik".





Offside