28 noyabr 2024. Cümə axşamı

Avropa çempionu olan millimizin qarşılanma mərasimi keçirilib


  • Offside
  • 12:01 21.06.2022
  • Oxunma sayı: 105
Avropa çempionu olan millimizin qarşılanma mərasimi keçirilib
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında tarixi uğura imza atan sərbəst güləş üzrə milli komanda vətənə qayıdıb. Corner.az xəbər verir ki, 6 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, güləş ictimaiyyətinin nümayəndələri qarşılayıb.
 
Yeniyetmələrdən ibarət millinin böyük məşqçisi Əsgərxan Novruzov rekord nəticəni belə şərh edib:
 
“Tarixi qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik. Bu uğurların səbəbkarı idmana diqqət və qayğı göstərən cənab prezidentimizdir. U-23 və böyüklərdən ibarət yığma komandanı qəbul etdi. Bu da yeniyetmələr üçün böyük stimul oldu. Var gücləriylə bu yarışa hazırlaşdılar və yarışdılar. Qarşımıza hədəf qoymuşduq ki, biz də Avropa çempionu olaq. Şükür Allaha ki, buna da nail olduq. Federasiya rəhbərliyinə və millinin məşqçilər korpusuna komandamız adından təşəkkür edirik. Bu uğurda hər kəsin payı var.
 
2013 və 2014-cü ildə keçirilən Avropa çempionatlarında 4 qızıl medal qazanmışdıq. Bu dəfə hədəfimiz 5 qızıl almaq idi. Allah 6 qızıl medalı bizə qismət elədi. Ölkə çempionatından sonra Xaçmazda 3 təlim-məşq toplanışı keçdik. Yüksək səviyyədə hazırlaşdıq. Uşaqlar var gücüylə güləşdi. Məşqçi kimi razı qaldıq. 4 qızıl medal aldığımız ilk gün Mübariz İbrahimovun şəhid olduğu gün idi. Həmin gün 3 erməni güləşçiyə qalib gəlmişdik. Bütün medallarımızı şəhidlərimizə həsr edirik. Onların ruhu şad olsun. Azərbaycan idmanı zirvələrdədir. Daim orda qalmasına çalışırıq.
 
Fürsətdən istifadə edib, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və şəxsən cənab nazir Fərid Qayıbova minnətdarlığımızı bildiririk ki, federasiya rəsmiləriylə birgə bizi Avropa çempionatına yola saldılar”.
 
Böyüklərdən ibarət yığma komandanın baş məşqçisi, Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev bunları deyib:
 
“Bu il bizim üçün düşərli oldu. U-23 Avropa çempionatında hər 3 növdə çempionlarımız oldu. Sərbəst güləşdə komanda hesabında çempion, yunan-Roma güləşində isə 3-cü olduq. İdmana diqqət və qayğısını əsirgəməyən Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin komandalarımızı qəbul etməsi, ardınca böyüklər arasında Avropa çempionu olan yunan-Roma və sərbəst güləş üzrə millilərimizlə görüşüb, onları mükafatlandırması böyük stimul oldu. Hər 3 komandamız üçün Olimpiya Güləş Mərkəzində yolasalma mərasimi keçirmişdik. U-17 Avropa çempionatında yunan-Roma güləşində 2 qızıl, 5 gümüş və 1 bürünc, qadın güləşində 1 dəst medal, sərbəst güləşdə isə 6 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq. Bu uğurlar güləşdəki inkişafdan xəbər verir. Cənab prezidentin hər zaman qayğısını hiss edirik. Əlbəttə, MOK və GİN də öz növbəsində dəstəyini əsirgəmir. Sözsüz ki, federasiya rəhbərliyinin və əməkdaşlarının hər birinin əməyi var. İnanıram ki, bir neçə gündən sonra İtaliyada başlayacaq U-20 Avropa çempionatında da bu qələbələrin ardı gələcək. Fürsətdən istifadə edib, idmançılarımızın uğurlarını işıqlandıran media nümayəndələrinə təşəkkürümüzü bildiririk”.
 
Daha sonra Avropa çempionu Elman Ağayev təəssüratlarını bölüşüb:
 
“Yarış yaxşı keçdi. Əvvəlcə Gürcüstan, daha sonra Türkiyə, finalda isə Ermənistan idmançısına qalib gəldim. Özümə inanırdım. Çünki yarışa hazırlığımız çox yaxşı keçmişdi. Növbəti hədəfim dünya çempionluğudur”.
 
Sonda U-17 yaş qrupunda ən ağır çəkidə Avropa çempionu olmaqla, güləşimizdə ilkə imza atan Yusif Dursunov uğurun səbəbini açıqlayıb:
 
“Üç keyfiyyətli təlim-məşq toplanışı keçdik. Bunun nəticəsi olaraq komandamız Avropa çempionu oldu. Güclü rəqiblərimiz vardı. Ancaq biz onlardan da güclüydük. Şükür Allaha, çempion olduq. Gənclər və İdman Nazirliyinə, federasiyamıza, yığmanın məşqçilərinə və şəxsi məşqçilərimə təşəkkür edirəm. Allah hamısından razı olsun”.
 
Xatırladaq ki, AÇ-də Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) qızıl, Ağa Qasımov (60 kq) gümüş, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) isə bürünc medal qazanıb.
 






Offside