AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlikin müqavilə müddəti iyunun 30-da başa çatacaq. Corner.az xəbər verir ki, komitə sədri bununla əlaqədar AFFA-nın rəsmi saytına qısa açıqlama verib:
“Son illər hakimlik, xüsusən də oyun rəsmiləri sahəsində izlədiyimiz pozitiv dəyişiklikləri görmək çox xoşdur. Təkcə Premyer Liqa və Birinci Divizionda deyil, eyni zamanda, gənclərdən ibarət komandaların, futzal oyunlarının, eləcə də həvəskarlar arasında turnirlərin hakimlik məsələlərində müsbət dinamika müşahidə olunub. Bu məsələdə Hakimlər Komitəsindəki həmkarlarımın, fiziki hazırlıq üzrə məşqçilərin və təbii ki, AFFA rəsmilərinin böyük rolu olub. Birlikdə nail olduğumuz, miqyasından asılı olmayaraq bütün uğurlara görə futbol ailəsinə təşəkkürümü bildirirəm.
Hər kəsə uğurlarının davamlı olmasını arzulayıram. Azərbaycanda keçirdiyim gözəl vaxtı unutmayacağam”.