28 noyabr 2024. Cümə axşamı

Azərbaycan yığması Avropa çempionu oldu


  • Offside
  • 00:13 26.06.2022
  • Oxunma sayı: 92
Azərbaycan yığması Avropa çempionu oldu
Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışları başa çatıb. Corner.az xəbər verir ki, Azərbaycan cüdoçuları bu yarışda tarixi nəticə əldə edərək yeniyetmə oğlanlar arasında komanda hesabında birinci yeri tutub.
 
Çempionatın ilk günü oğlanlar arasında -50 kq çəkidə Məhəmməd Məmişov bürünc medal qazanıb. -55 kq çəkidə Şahin Oruczadə və 60 kq çəkidə Nizami İmranov bütün rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıblar.
 
Qızlar arasında -48 kq çəkidə Aydan Vəliyeva çempionatın ikincisi adına layiq görülüb.
 
Yarışın ikinci günü oğlanlar arasında -66 kq çəki dərəcəsində Əbil Yusubov və Nicat Nağıyev, -73 kq çəki dərəcəsində isə Əli Hacızadə bürünc medal qazanıblar.
 
Qızlar arasında isə -57 kq çəkidə Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək idmançılarımızın aktivinə üçüncü qızıl medalı yazdırıb.
Beləliklə, idmançılarımız fərdi yarışlarda ümumilikdə 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
 
Yeniyetmə oğlanlardan ibarət milli komandamız 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa çempionatında medal əyarına və sayına görə birinci yeri tutublar.
 
Sonuncu dəfə yeniyetmə oğlanlardan ibarət milli komandamız 2004-cü ildə keçirilən Avropa çempionatında komanda hesabında qələbə əldə etmişdi.
 
Qızlardan ibarət yığma komandamız cəmi 4 idmançı ilə yarışlarda iştirak etməsinə baxmayaraq, 1 qızıl və 1 gümüş medal qazanaraq yarışda tam heyətlə iştirak edən bir çox ölkələri geridə qoyub və komanda hesabında 4-cü olub.
 
Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub.






Offside