Azərbaycanın yeniyetmə badmintonçuları Serbiyanın Novi Sad şəhərində keçirilən “Youth International” turnirində 13 yaşadək qızların şəxsi və qoşa yarışında bürünc medal qazanıb. Corner.az xəbər verir ki, 13 yaşadək qızların şəxsi yarışında qru mərhələsini 2 qələbə ilə başa vuran Leyla Camalzadə uğurlu çıxışının davamını pley-offda da gətirib.
1/8 finalda avstriyalı ardınca bolqar rəqibini mübarizədən kənarlaşdıran Leyla turnirin yarımfinalına yüksəlməklə bürünc medalı təmin edib. Badmintonçumuz finalın bir addımlığında digər Bolqarıstan təmsilçisinə uduzub.
Badmintonçularımız daha bir bürünc medalı 13 yaşadək qızların qoşa yarışında qazanıb. Bu kateqoriyada mübarizə aparan Leyla Camalzadə-Nəzrin Mehrəlizadə tandemi ilk pley-off görüşündə Serbiya və Rumıniyanı təmsil edən badmintonçulara qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Bolqarıstan badmintonçularını məğlub edən təmsilçilərimiz yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. Leyla və Nəzrin finalın bir addımlığında macar badmintonçularına uduzub.
Turnirdə həmçinin Ülvi Hüseynov, Nərmin Hüseynova, Emil Akçurin, Anar Hüseynov, Əminə İsmayılova və Ayxan Kərimzadə U-13 və U-15 yarışlarında müxtəlif kateqoriyalar üzrə yarışıblar.
U-15 yarışının müvafiq olaraq qoşa oğlanlar və qoşa qızlar kateqoriyaları üzrə Ülvi Hüseynov-Emil Akçurin və Nərmin Hüseynova-Əminə İsmayılova tandemi ən güclü 4-lüyə yüksəlmək uğrunda keçirilən görüşlərdə uduzub.