Voleybol üzrə avrokubokların püşkü atılıb. Corner.az xəbər verir ki, 2022/23 mövsümündə Azərbaycanı təmsil edəcək iki klubun rəqibi də dəqiqləşib.
Kişilər arasında Azərbaycan çempionu “Murov” mübarizə aparacağı Çelenc kubokuna 1-ci mərhələdən başlayacaq. “Murov” Xorvatiyanın “Kitro Varazdin” klubu ilə görüşəcək.
Oyunlar oktyabrın 11-13-də və 18-20-də keçiriləcək. Azərbaycan çempionu ilk sınağına səfərdə çıxacaq.
Çelenc kubokunda qüvvəsini sınayacaq qadınlardan ibarət “Azərreyl” klubu mübarizəyə 1/32 finaldan başlayacaq. Komanda Slovakiyanın “Slovan” klubu ilə görüşəcək.
Burada ilk matçlar noyabrın 22-24-də, cavab qarşılaşmaları noyabrın 29-dan dekabrın 1-dək keçiriləcək. Azərbaycan vitse-çempionu turnirə səfərdə başlayacaq.