İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir. Corner.az xəbər verir ki, üçüncü yarış günündə qızlardan ibarət millimizin 3 üzvü mübarizəyə qoşulub.
Əsmər Canqurtaran (50 kq) debütdə macarıstanlı Henrietta Qaala, 1/8 finalda isveçli Neli Yohanssona, 1/4 finalda isə gürcüstanlı Məryəm Qriqalaşviliyə qalib gəlib. Maraqlıdır ki, həmyerlimiz bu qələbələrin hamısını "tuşe" ilə əldə edib. Yarımfinalda yeniyetmələr arasında dünya çempionatının bürünc medalçısı Şevval Çayıra (Türkiyə) məğlub olan Əsmər bürünc medal uğrunda güləşəcək.
Elnurə Məmmədova (55 kq) ilk görüşdə italiyalı İmmakolata Daniseni xalçadan məyus yola salıb - 7:0. Güləşçimiz daha sonra həm macar Roza Senttamasini, həm də bolqarıstanlı Nazpəri Tahiri "tuşe" ilə üstələyərək finala yüksəlib. Həlledici görüşdə rəqib bir neçə gün əvvəl U-17 Avropa çempionatında qızıl medal qazanmış Tuba Demir (Türkiyə) olacaq.
Nigar Mizəzadə (68 kq) təsnifat mərhələsində almaniyalı Sofiya Şaefleyə uduzub - 4:5.
Qeyd edək ki, bu çəkilərdə medal görüşləri iyunun 30-da keçiriləcək.