Ukraynanın Donetsk “Şaxtyor”unun idman direktoru Dario Srna FİFA-nı tənqid edib. Corner.az xəbər verir ki, Rusiyanın Ukrayna ərazisinə hücumundan sonra FİFA bu ölkələrin komandalarında çıxış edən futbolçuların müqavilələrini ləğv etmək üçün onlara səlahiyyət verib.
Srna FİFA-nın bu qərarı ilə UEFA-nın qərarı arasında fərqlər olduğunu bildirib: “Əksəriyyət Ukraynanı dəstəklədiklərini deyir, amma bunu etmirlər. Məsələn, FİFA Ukrayna futbolunu və onun oyunçularını UEFA kimi qorumur. Biz klub olaraq bu çətin vəziyyətdə hansısa kompromis axtarırıq, əks halda, yatırım etdiyimiz bir çox futbolçunu pulsuz itirəcəyik.
FİFA başa düşməlidir ki, Ukraynadan gələn bütün oyunçuları qorumaq onların vəzifəsidir. Biz kompromis tapmaq üçün bir yol tapmalıyıq, əks halda, çətin olacaq və məhkəməyə müraciət etməli ola bilərik.
Klublarımız üçün mübarizə aparacağıq. Bizə hörmət olunmalıdır. Şərqi Avropanın ən yaxşı klubuyuq və bu imic, hörmətimiz üçün mübarizə aparacağıq. Başqaları bizə kömək etdi: UEFA prezidenti Aleksander Çeferin sağ qalmağımıza kömək etdi, lakin FİFA bunu etmir. Belə davam etsələr, onları məhkəməyə verəcəyik”.