- Offside
- 22:48 26.11.2024
Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında çıxış edəcək kişilərdən ibarət Azərbaycan yığma komandası iyulun 22-də Gürcüstana yollanacaq.
Federasiyanın mətbuat xidmətindən Corner.az-a verilən məlumata görə, iyulun 29-dək davam edəcək hazırlıq zamanı yerli komandalarla bir neçə yoxlama oyunu nəzərdə tutulub.
Hazırda isə yığma “Sərhədçi” Olimpiya İdman Mərkəzi və “ABU Arena”da gündə iki dəfə olmaqla, hazırlıq keçir. Heyətə 16 həndbolçu cəlb olunub.
Hər gün davam etdirilən hazırlıq prosesi baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Vidadi Əliyevin rəhbərliyi ilə həyata keçirilir.
Salimi komandanın hazırlığını belə qiymətləndirib: "Azərbaycan milliisi sürətlə inkişaf edir. Bütün istiqamətlər üzrə - həm fiziki, həm taktiki, həm də, texniki hazırlığı artırmaq üçün məşq edirik. İslamiadadakı rəqiblərimiz güclü olsa da, onlara qarşı layiqli çıxış etməyə çalışacağıq. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan həndbolu Avropada öz sözünü deyəcək".
Qeyd edək ki, artıq İslamiadadakı rəqiblər də məlumdur. Püşkatmanın nəticəsinə görə, “B” qrupunda yer alan Azərbaycan millisi Türkiyə və İranla üz-üzə gələcək.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda keçiriləcək.