Misirin paytaxtı Qahirə şəhərində qılıncoynatma üzrə dünya çempionatı keçirilir. Corner.az xəbər verir ki, ötən gün kişilərin şpaqa, bu gün isə qadınların sablya yarışında şəxsi mübarizədə 64-lüyə yüksələyən qılıncoynadanlar müəyyənləşib.
Hazırda qadın sablyaçıların dünya reytinqində 1-ci olan Anna Başta mübarizəyə əsas mərhələdən qoşulacaq. Annann dünya çempionatında ilk rəqibi Dominikan sablyaçısı Heyddis Valentin olacaq.
Digər təmsilçilərimizdən Səbinə Kərimova və Sevil Bünyatova isə təsnifat mərhələsindən 64-lüyə yüksəlməyi bacarıb. Qrup mərhələsini 4 qələbə ilə başa vuran Sevil əsas mərhələyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə Qazaxıstan idmançısı Tatyana Prixodkoya 15:13 hesabı ilə qalib gəlib. Sevil əsas mərhələdə ilk görüşünü italyan Eloisa Passaroya qarşı keçirəcək.
Qrupda 3 qələbəsi olan Səbinə Kərimova isə 64-lüyə yüksəlmək üçün pley-offda iranlı sablyaçı Parimah Barzegarı 15:10 hesabı ilə məğlub edib. Səbinə 32-liyə yüksəlmək üçün əsas mərhələnin ilk görüşündə koreyalı Jiyeon Kimə qalib gəlməlidir. Qadın sablyaçıların şəxsi yarışında əsas mərhələnin görüşləri iyulun 20-də keçiriləcək.
Qrupda 3 qələbəsi olan Valeriya Bolşakova əsas mərhələyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə braziliyalı Luana Pekelmana 14:15 hesabı ilə uduzub.
Kişi şpaqaçıların şəxsi yarışında Barat Quliyev əsas mərhələyə yüksəlməyi bacarıb.Qrup pmərhələsini 4 qələbə ilə başa vuran Barat pley-offda ardıcıl olaraq eston Yuri Salm (15:13) və CAR təmsilçisi Harri Saneri (15:14) məğlub edərək əsas mərhələyə vəsiqə qazanıb. Barat bu mərhələdə lüksemburqlu idmançı Flavio Giannotte ilə qarşılaşacaq. Görüş ayınn 19-u keçiriləcək.
Digər təmsilçilərimizdən Kənan Əliyev (3 qələbə) və Ruslan Həsənov (4 qələbə) qrup mərhələsini uğurla adlasa da, pley-offda keçirdiyi ilk görüşdə məğlub olublar.
Kənan Əliyev avstraliyalı Laxlan Krooka (14:15), Ruslan Həsənov isə Küveyt şpaqaçısı Abdulaziz Alşattiyə (8:15) məğlub olub.