Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa çempionatı keçirilir. Corner.az xəbər verir ki, qitə birinciliyində sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
38 kq
Məhərrəm Rzayev bolqar Aleksandar Delçev (10:0), yunan Yannis Kesidis (10:0), macar Aron Krım (10:0), erməni Armen Papikyan (6:1) və gürcü Giorgi Tsuriaşviliyə (12:0) qalib gələrək Avropa çempionu olub.
Kamal Əhmədov moldovalı Dorin Lunqu (5:2), polşalı Vitold Pavlik (4:0) və estoniyalı Kaspar Koertə (10:0) qalib gəldikdən sonra yarımfinalda gürcü Giorgi Tsuriaşviliyə (0:3),bürünc medal uğrunda görüşdə isə ukraynalı Vladislav Kaydakova(0:5) məğlub olub.
41 kq
Həsən Həsənov gürcü Mate Tsinadze (3:1), polşalı İqor Kaçmarek (10:0) və fransalı Baysanqur Bitmurzayev (3:1), Cəfər Cəfərov isə Moldova təmsilçiləri Viktor Vdovi (8:0) ilə İvan Kara (4:0) üzərində qələbə qazanaraq finala yüksəlib. Həlledici görüşdə Cəfər komanda yoldaşını 3:1 hesabıyla üstələyərək qızıl medalı boynundan asıb. Həsən isə gümüş medalla kifayətlənib.
44 kq
Muhamməd İsmayılov ilk mərhələdə gürcü Giorgi Maysuradzeyə uduzub – 4:10.
48 kq
Rəvan Rəhimli Ajndi Kryejiu (10:0), moldovalı Sandu Donkila (10:0), polşalı Kiril Kaminski (10:0), türkiyəli Burak Yalçın (6:0) və gürcü Davit Papukişviliyə (10:0) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
52 kq
Hüseyn Hüseynov ispaniyalı Razmik Mayilyan (10:0), israilli Denis Luksemburq (11:0) və erməni Davit Davtyanı (10:0) mübarizədən kənarlaşdırıb. Yarımfinalda fransalı Abdullah Nakayevlə (1:12) bacarmayan Hüseyn bürünc medal görüşündə gürcü Dima Qoqitidzedən güclü olub – 8:0.
62 kq
Məhəmməd Abbaszadə rumıniyalı David Soare (11:5) və macar Benjamin Feketi (10:0) xalçadan məyus yola salsa da, yarımfinalda ukraynalı Artur Kostiuka uduzub – 2:8. Ancaq Məhəmməd 3-cü yer uğrunda görüşdə israilli Georgi Tomkoviçə minimal hesabla (2:1) qalib gələrək bürünc medalı boynundan asıb.
75 kq
Şeyxəli Babazadə 1/8 finalda Ukrayna təmsilçisi Vladislav Tşvihunu (4:1) üstələsə də, 1/4 finalda bu ölkənin digər idmançısı Kiril Kurepinə (6:10) məğlub olub.
85 kq
Səid Paşayev estoniyalı İlya Sobolev (11:0), gürcü Gigia Lukunidze (10:0), türkiyəli Hasan Dur (tuşe) və litvalı Rokas Miliauskasa (tuşe) qalib gələrək qızıl medal qazanıb.
Fərhad Süleymanlı macar Zoltan Şako (11:0) və yunan Nikolaos Karavanosu (8:3) üstələdikdən sonra yarımfinalda litvalı Rokas Miliauskasa uduzub – 3:6. Ancaq Fərhad erməni Andranik Jaqetyanla gərgin mübarizə şəraitində keçən görüşdən qalib ayrılaraq bürünc medal əldə edib.
Beləliklə, sərbəst güləş üzrə millimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında 136 xalla 2-ci yeri tutub. Gürcüstan (153) birinci, Ukrayna (133) isə üçüncü pillədə qərarlaşıb. Medalların əyarına görə isə yığmamız bütün komandalardan üstün olub.
Qeyd edək ki, medalların həm sayına, həm əyarına, həm də toplanan xallara görə bu nəticə U-15 Avropa çempionatlarında Azərbaycan sərbəst güləşi üçün rekord göstəricidir.