Donetsk “Şaxtyor”unun idman direktoru Sergey Palkin FİFA-nı ittiham edib. Corner.az xəbər verir ki, 47 yaşlı funksioner ali futbol qurumu ilə gözlənilən məhkəmə çəkişməsi haqda danışıb:
“Siz öz qaydanıza uyğun olaraq, futbolçularımızı oğurlayıbsızsa, onda heç olmasa, belə deyin: “Yaxşı, başa düşürük ki, çətin vəziyyətdəsiz, ona görə də, klublara borcunuzu ödəməyə bilərsiz.
FİFA futbolçularımızı oğurladı. Nə etməliyik? Sadəcə bizi öldürürlər. Heç kim fikir vermir, heç kim bizdən heç nə soruşmadı. Bu vəziyyət agentlərə daha çox güc verdi və onları əvvəlkindən qat-qat zəngin etdi.
FİFA deyir ki, guya əcnəbi futbolçuların hansısa təhlükəsizliyini təmin etməyə çalışır. Ukraynada müharibənin başlamasından bir həftə sonra bütün əcnəbi oyunçular təhlükəsiz yerdə idi. Heç kim onları geri qayıtmağa məcbur etməyib.
Hamısı ilə danışıqlar apardım. Onları icarəyə vermək və ya satmaq olardı, hamı xoşbəxt idi, hətta agentlər belə, xoşbəxt idi. Amma FİFA maliyyə sistemimizi yağmaladı, hər şeyi məhv etdi”.
FİFA-nı məhkəməyə verən “Şaxtyor” ali futbol qurumundan 50 milyon avro təzminat tələb edir. Ukraynada Rusiya ilə müharibə başlayandan sonra FİFA legionerlərə müqaviləni birtərəfli qaydada pozmaq səlahiyyəti verib.