Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”da debüt edib. Corner.az xəbər verir ki, Vaşinqtonda rinqə çıxan idmançının rəqibi ABŞ təmsilçisi Sidney Autlou olub.
Musayev ilk raunddaca məşhur döyüşçünü nokauta göndərməyi bacarıb. Görüş cəmi 27 saniyə çəkib.
Hazırda 32 yaşlı döyüşçümüzün hesabında 19 qələbə və 4 məğlubiyyət var.
Musayev döyüşdən sonra fikirlərini bölüşüb: “Əvvəlki müsahibəmdə də demişdim ki, döyüş vaxtından tez qurtaracaq. Sevindirici haldır ki, vaxtından əvvəl qələbə qazandım. Rəqibə hörmətlə yanaşırdım. Reytinqdə 1-ci yerdə gedirdi. Düşünürdüm ki, döyüşümüz maraqlı olacaq. Belə olub-olmadığını tamaşaçılar deyə bilər. Artıq təlim-məşq toplanışı haqqında fikirləşirik. Hazırlıq keçəndən sonra məşqçilər heyəti və menecerim məsləhət görərsə, növbəti aylarda döyüşməyə hazıram".
Musayev "Pitbull" ləqəbli braziliyalı Patriki Freyre ilə revanş döyüşünü Azərbaycanda keçirmək istədiyini söyləyib: "Çox istərdim ki, "Bellator" vətənimdə olsun. Bu, bir çox yeniyetmə və gəncin bu idman növünə marağını daha da artırar. "Bellator"la müqavilə bağlayanda "Pitbull" şəxsi “İnstaqram” səhifəsində mənimlə revanş döyüşünə çıxmaq istədiyini yazmışdı. Onunla ancaq kəmər uğrunda döyüşə bilərəm".