14 dekabr 2025. Bazar günü

Minifutbol üzrə Avropa çempionatı Azərbaycanda keçirilə bilər


  • Offside
  • 13:33 25.07.2022
  • Oxunma sayı: 130
Minifutbol üzrə Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov ölkədə səfərdə olan Dünya Minifutbol Federasiyasinin (WMF) prezidenti Filip Juda, Avropa Minifutbol Federasiyasının (EMF) prezidenti Borislav Aleksandrov və qurumun vitse-prezidenti Peter Kralik ilə görüşüb.

AMF-dən Corner.az-a verilən məlumata görə, qonaqlara ölkədə minifutbolun inkişaf perspektivləri ilə bağlı məlumat verən AMF-nin fəxri prezidenti Orxan Məmmədov Azərbaycan minifutbol millisinin Avropa çempionatında qazandığı çempionluqdan danışıb. O bildirib ki, bu çempionluqdan sonra ölkədə minifutbola maraq daha da artıb.

Azərbaycan minifutbolçularının gələcək beynəlxalq yarışlarda, dünya çempionatında da uğurla çıxış edəcəklərinə ümidvar olduğunu söyləyən Borislav Aleksandrov Bakıda bu idman növünün təbliğat işlərinin yüksək səviyyədə aparıldığını, daxili çempionatların hər zaman yüksək səviyyədə keçirildiyini, bu işdə Azərbaycan Minifutbol Federasiyasının səmərəli fəaliyyətini xüsusi vurğulayıb.

Avropa Minifutbol Federasiyasının vitse prezidenti Peter Kralik Avropa çempionatının hesabatını təqdim edərək Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını söyləyib. O, idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib.

AMF-nin prezidenti Taleh Nəsibov və vitse prezident Azər Hüseynovun da iştirak etdiyi görüşdə minifutbol üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi, minifutbolun ölkədə inkişaf perspektivləri və milli komandanın qitə çempionatındakı çıxışı müzakirə edilib.

Qonaqların gənclər və idman naziri Fərid Qayıbovla və digər səlahiyyətli rəsmilərlə görüşü nəzərdə tutulur. Qonaqlar həmçinin, ölkənin idman infrastrukturu ilə tanış olacaq, milli komandanın hazırlıq prosesini izləyəcəklər.

Qeyd edək ki, minifutbol üzrə milli komanda tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniyaya 1:0 hesabı ilə qalib gələrək qızıl medala sahibi olub.

Cari ilin iyunun 14-də Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan yığma üzvlərini qəbul edib. Görüşdə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının və “Zirə” Peşəkar Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov da iştirak ediblər. Həmçinin, dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayrılıb.







Offside