- Offside
- 22:48 26.11.2024
İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.
Corner.az xəbər verir ki, yarışın ikinci günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Hüseyn Savadov (45 kq) ilk mərhələdə türkiyəli Ömər Altaşı minimal fərqlə üstələyib – 2:1. Ancaq 1/4 finalda özbəkistanlı Şaxzod Ruzioxunova məğlub olub – 3:11. Rəqib finala yüksəldiyi üçün Savadov bürünc medal uğrunda rumıniyalı Yonut Mereutayla qarşılaşacaq.
Vədat Qasımlı (51 kq) startda erməni Armen Gevorqyandan güclü olub – 4:2. Lakin 1/4 finalda özbəkistanlı Aytjan Xalmaxanovla bacarmayıb – 4:12. Rəqibin finaladək irəliləyib. Bu da milli üzvünə 3-cü yeri tutmaq şansı verib. Qasımlı təsəlliverici görüşdə israilli Amare Feteneni sınağa çəkəcək.
Məhəmməd Qasımzadə (60 kq) təsnifat mərhələsində misirli Omar Murada (tuşe) uduzub.
Davud Məmmədov (71 kq) 1/8 finalda ukraynalı Maksim Radikə (3:1), 1/4 finalda isə qazaxıstanlı Tahir Amangeldiyə (5:2) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ermənistanlı Ararat Varderesyanla üz-üzə gələn həmyerlimiz elə ilk hissədə qələbəni təmin edib. Cəmi 1 dəqiqə 12 saniyə ərzində 9:0 hesablı qələbəyə sevinən Məmmədov adını finala yazdırıb. Avropa çempionatının gümüş medalçısı həlledici görüşdə gürcüstanlı Anri Putkaradze ilə qarşılaşacaq.
Mikayıl İsmayılov (92 kq) 1/8 finalda gürcüstanlı Gor Ayvazyana uduzub – 0:9. Rəqib finala yüksəldiyi üçün İsmayılov təsəlliverici görüşdə italiyalı Rikkardo Bufislə üz-üzə gələcək.