"FİDE kimi nüfuzlu təşkilata vitse-prezident seçilməyim Azərbaycan şahmatının təntənəsidir. Bu, Azərbaycan prezidenti İlham Əliyevin uzun illər şahmata və şahmatçılara göstərdiyi yüksək qayğının nəticəsidir”. Corner.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov (AŞF) növbəti dəfə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezident seçilməsi barədə yerli qurumun rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, ökəmizdə keçirilən mötəbər idman, o cümlədən şahmat yarışları həm də təcrübəli idman funksionerlərini formalaşdırıb: “Artıq beynəlxalq təşkilatlar Azərbaycan idman funksionerlərini öz komandasında görmək istəyir”.
Məmmədovun sözlərinə görə, FİDE-nin hazırkı prezidenti Arkadi Dvorkoviç Gürcüstanın Batumi şəhərindəki seçkilərdə qələbə qazanandan sonra əvvəlcədən elan etdiyi proqram üzrə işləməyə başladı: "O, çox zəhmətkeş və şahmatı sevən insandır. Yeni layihələrlə əksər çempionatların mükafat fondu artırıldı, bir sıra təqaüdlər təsis edildi. Mühüm layihələr həyata keçirildi. Dvorkoviç dünya şahmat ailəsini birləşdirdi və şahmatın daha da populyarlaşması istiqamətində böyük işləri reallaşdırdı. Eyni zamanda dünya çempionu Vişvanatan Anandın onun komandasında yer alması böyük dəstək idi. 2018-ci ildə 107 səslə qalib olan komandamız bu dəfə 157 səslə birincilik əldə etdi. Yekun nəticə FİDE-nin hazırkı rəhbərliyinin doğru yolda olduğunu göstərdi".
Xatırladaq ki, bu gün Hindistanda FİDE-nin rəhbər vəzifələrinə seçkilər keçirilib. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ikinci dəfə beynəlxalq qurumun vitse-prezident seçilib.