Polşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib. Corner.az xəbər verir ki, yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.
Komandamızdan ilk olaraq körpücük üzərinə Turan Əliyev çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 61 kq çəki dərəcəsində mübarizə aparıb.
İdmançımız birdən qaldırma hərəkətində 99 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.
O, təkanla qaldırmada 120 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə birinciliyin bürünc medalını əldə edib.
Turan Əliyev toplam 219 kq (99+120) nəticə ilə yarışın yekun sıralamasında da bürünc medal qazanıb.