Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qrup mərhələsinin son oyununa çıxıb. Corner.az xəbər verir ki, yığmamızın rəqibi Mərakeş millisi olub. Gərgin mübarizə şəraitində keçən görüş Azərbaycan millisinin qələbəsi ilə başa çatıb – 3:1.
Qarşılaşmanın ilk setindən 25:20 hesabı ilə ayrılan Pərviz Səmədovun baş məşqçi olduğu kollektiv növbəti seti məğlub tərk edib – 22:25. Gərgin mübarizə şəraitində keçən üçüncü setdə Azərbaycan millisi 28:26 hesabı ilə üstün olub. Dördüncü setdə isə Mərakeş yığması daha açıq fərqlə yenilib – 19:25.
Beləliklə, qrupu 6 xalla 2-ci pillədə tamamlayan Azərbaycan millisi 7 xalla qrup lideri olan Kamerunla birlikdə yarımfinala yüksəlib.
Azərbaycan millisi əvvəlki görüşlərində Sudana 3:0 hesabı ilə qalib gəlsə də, eyni hesabla Kameruna uduzmuşdu.