Tovuzun “Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədov “Turan Tovuz” klubuna avtobus alınması üçün ianə kampaniyasına qoşulub. Corner.az xəbər verir ki, o, Tovuz təmsilçisinə 240 manatlıq ianə edib.
“Turan”ın sabiq icraçı direktoru, AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Sultanov da bu kampaniyaya qoşulub. O da Vidadi Əhmədov kimi 240 manatlıq ianə edib.
Qeyd edək ki, layihə klub üçün 100 min manat ianə toplamaq məqsədi daşıyır. Veb platformada real futbol meydançası ölçülərinə uyğun 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib. 1 (15 manat), 4 (60 manat), 9 (135 manat) və 16 (240 manat) pikseldən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.
Azarkeşlər 30 illik yubileyini qeyd edən Azərbaycanın ilk rəsmi Peşəkar Futbol Klubu olan “Turan Tovuz”a dəstək məqsədilə ianə edərkən aldıqları piksellərə öz şəkillərini yerləşdirə bilərlər. İanəçilərin fotoları klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə öz əksini tapacaq. Hazırda həmin avtobusun alınması üçün 6859 piksel qalıb.