“Mənim bir şəxsi fikrim var: Axır vaxtlar “Qarabağ”ın oyununda hücumçuların hər birinin qol vurmaq istəyini hiss edir, görürəm”. Corner.az xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezident Çingiz Hüseynzadə komitənin 30 illik yubileyinə həsr olunmuş mətbuat konfransında “Qarabağ”ın Avropa Liqasındakı şansları barədə danışarkən deyib.
Hüseynzadə, Ağdam komandasının ön xətt oyunçularının əlverişli vəziyyətlərdə topu bir-biriləri ilə bölüşmədiklərini düşünür:
“Onların hər birində qol vurmaq həvəsi var. Bu, yaxşı haldır, amma futbol kollektiv oyundur. Əsas problem nədədir? Əlbəttə, baş məşqçi Qurban Qurbanov dediyi kimi, yeni transferlər istəyirdi, amma baş tutmadı”.
MOK rəsmisi “Qarabağ”a inandığını vurğulayıb: “Mənə elə gəlir ki, “Qarabağ”ın bu dəfə Avropa Liqasının qrupundan çıxmaq imkanı var. Ümidvaram ki, bütün bu məsələlərə baxmayaraq, komandamız yaxşı çıxış edəcək. Mən “Qarabağ”a inanıram”.
“Köhlən atlar” İbrahima Vadjini “Sent Etyen”ə satdıqdan sonra yeni hücumçu almayıb. Baş məşqçi Qurban Qurbanov avrokuboklarda mövcud heyətlə mübarizə aparacaqlarını bildirib.