29 noyabr 2024. Cümə

Azərbaycanda da futzalın sevildiyini bilirəm


  • Offside
  • 15:08 07.09.2022
  • Oxunma sayı: 157
Azərbaycanda da futzalın sevildiyini bilirəm

"Uzun müddət “Kayrat”da oynamışam. Qazaxıstandakı kimi, burada da futzalın sevildiyini bilirəm. Bizi niyə dəvət etdiklərini də anlayır, məsuliyyətimizi hiss edirik".

Corner.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan"ın yeni futzalçısı Vitao azfutzal.az-a açıqlamasında deyib.

Braziliyalı hücumçu komandaya uyğunlaşmada çətinlik çəkdiyini etiraf edib:“Mənim üçün çətindir, çünki fərqli ölkəyə gəlmişəm, yeni mədəniyyət, mentalitetlə tanış oluram. Eyni zamanda komandamız da yenidən qurulub. Bildiyim qədəri ilə ötən il çempion olan heyətdən 4-5 futzalçı qalıb, qalan oyunçularımız heyətə yeni cəlb edilib. Belə olan təqdirdə, adaptasiya olmaq çətinləşir. Ancaq hər birimiz peşəkar futzalçıyıq, ilk dəfə deyil ölkə xaricində çıxış edirik. Mən uzun müddət “Kayrat”da oynamışam, Qazaxıstandakı kimi, burada da futzalın sevildiyini bilirəm. Bizi niyə dəvət etdiklərini də anlayırıq, məsuliyyətimizi hiss edirik.

Hazırlığa gəldikdə, avqustda 10 günlük təlim-məşq toplanışımız oldu. Əla şərait yaradıldı. Komanda oteldə məskunlaşdı, hər gün iki məşq keçdik. Daha sonra gün ərzində bir, bəzən isə iki dəfə məşq edirik. Məşq prosesi çox intensiv keçir, baş məşqçi Alesio taktiki planda nələr etməli olduğumuzu anladır. Əlbəttə, hər birimiz üçün onun dedikləri yenidir. Çünki hər baş məşqçinin özünəməxsus taktiki tapşırıqları olur. Gördüklərimə əsasən deyə bilərəm ki, komandaya işlər yaxşı qurulub.

Rəqiblərimizə gəldikdə, qarşımıza konkret tapşırıq qoyulub – elit-raunda yüksəlmək. Bilirik ki, qrupdakı rəqiblərimiz də bizim kimi iddialıdır. Onlar da mərhələ adlamaq istəyindədirlər. Amma cəmi bir komanda mübarizəni davam etdirmək hüququ qazanacaq. İndi Avropada asan milli, klub yoxdur. Xüsusilə də klub yarışında çox inkişaf var. Hər kəs heyətini gücləndirib. Ancaq “Araz-Naxçıvan” da Avropanın sayılıb-seçilən, güclü klublarından biridir. Çalışacağıq ki, bu markanın şöhrətini geri qaytaraq, yenidən ən yüksək pillələrdə qərarlaşaq”.






Offside