Rusiya Futbol İttifaqı (RFS) Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakovun cəzalandırılması üçün UEFA-ya müraciət edib. Corner.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Petrakov bir müddət əvvəl Ukrayna ordusunun tərkibində Rusiyaya qarşı vuruşmaq arzusunda olduğunu və ən azı 2-3 rus əsgəri öldürə biləcəyini deyib. Bunu əsas gətirən RFS baş məşqçinin futbolla bağlı fəaliyyətinə ömürlük qadağa qoyulmasını istəyir.
Ruslar hesab edirlər ki, bu açıqlama Rusiya və Ukrayna arasında siyasi münaqişə fonunda verilib və neytrallığın əsas prinsipini açıq şəkildə pozan mesajdır:
“Bundan başqa, Petrakovun davranışını etnik zəmində ictimai nifrətin qızışdırılması və siyasi baxışların tətbiqi üçün futboldan istifadə kimi qiymətləndirmək olar”.
Rusiya Futbol İttifaqı bu məsələdə “Qarabağ”ın keçmiş mətbuat katibi Nurlan İbrahimovun “Facebook”da ermənilərlə bağlı paylaşdığı statusa görə 2020-ci ilin noyabrında futboldan ömürlük kənarlaşdırılmasını nümunə göstərib.
RFS-in UEFA-ya müraciətinə münasibət bildirən Ukrayna Futbol İttifaqı ittihamları əsassız adlandırıb.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.