2023-cü ildə keçiriləcək 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələlərinin püşkü noyabrın 3-də atılacaq. Corner.az xəbər verir ki, bu dəfə yarışda rekord sayda – 36 komanda iştirak edəcək ki, onlardan meydan sahibi olacaq Xorvatiya yığması mübarizəyə final mərhələsindən qoşulacaq.
Qalan 35 komanda reytinqə uyğun olaraq ilkin və əsas mərhələdə gücünü sınayacaq. Debütantlar isə Almaniya və Maltadır. İngiltərə, Kosovo və Litva isə AÇ-2019-da iştirak etsə də, bu il təşkil olunan qitə birinciliyinə qatılmamışdı. Onlar yenidən iştirak edəcəklər.
İlkin mərhələnin oyunları gələn il yanvarın 17-dən 22-dək, əsas mərhələnin matçları isə martın 21-dən 26-dək keçiriləcək. Yekunda 7 komanda meydan sahibi Xorvatiyaya qoşulacaq. AÇ-nin final mərhələsi gələn il 3-10 sentyabrda Xorvatiyada təşkil olunacaq.