Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb. Corner.az xəbər verir ki, bu dəfə ilk “onluq”da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.
2747 xalı olan Şəhriyar Məmmədyarov onuncu sıradan 13-cü pilləyə düşüb. Teymur Rəcəbov isə eyni əmsalla 16-cı sıradadır.
Digər təmsilçilərimizdən Qədir Hüseynov (2661) 84-cü yerdə qərarlaşıb. Nicat Abasovla Rauf Məmmədov isə hərəyə 2646 xalla, müvafiq olaraq, 101 və 102-ci pillələləri bölüşürlər.
Sıralamaya əvvəlki kimi norveçli hazırkı dünya çempionu Maqnus Karlsen (2856) başçılıq edir. Çinli Dinq Liren (2811) 2-ci, rusiyalı Yan Nepomnyaşi (2793) 3-cüdür.
Qadın şahmatçıların reytinq cədvəlində Günay Məmmədzadə beş pilləlik irəliləyişlə ilk “iyirmiliy”ə daxil olub. 22 yaşlı iti zəka sahibi 2483 xalla 18-ci yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2422) 39-cu, Gülnar Məmmədova (2389) 62-ci, Xanım Balacayeva (2379) 66-cı, Gövhər Beydullayeva isə (2356) 98-ci pillədədir.
Çinli Hou Yifan (2638) lider, rusiyalı Aleksandra Qoryaçkina (2584) ikinci, hindistanlı Hampi Koneru (2574) üçüncüdür.