- Offside
- 14:29 28.11.2024
Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsi çərçivəsində ilk səfər matçına çıxıb. Corner.az xəbər verir ki, komandamız bu dəfə Afinada Yunanıstan yığması ilə qarşılaşıb.
Ötən seçmə mərhələdə də bu rəqiblə üz-üzə gələn futzalçılarımız Afinada 3, Bakıda isə 4 cavabsız qol vuraraq qələbə qazanmışdı.
Joze Alesio Da Silva drujinası ilə yenə səfərdən 3 xalla dönməyi düşünürdü. Bu matçda heyətlə bağlı dəyişikliklər var idi. Polşa ilə matçdan fərqli olaraq, bu dəfə Felipinyo sıraya dönmüşdü. Gənc Xəzər Ağalızadə də “14-lüy”ə daxil edilmişdi. Əvəzində Fineo zədəli olduğuna görə, Fərid Ələkbərov və Cavad Məmmədov isə səfərə aparılmadığına görə heyətdə yer almamışdı. Son məşqdə iştirak edən İsa Atayev isə səhhətində yaranmış problemlə əlaqədar oyunda iştirak etmirdi. Təəssüf doğuran məqamlardan biri də Yunanıstanda oyuna marağın çox az olması, görüşün hətta internet vasitəsilə belə yayımına heç bir qurumun cəhd göstərməməsi idi. Sən demə, ölkədə əsas maraq göstərilən idman növü futbol və basketboldur. Elə görüşün keçirildiyi arenanın örtüyünün bərbadə durumda olması, hətta zalda geniş işçi heyəti üçün internet xidmətinin olmaması da mənzərəni ortaya qoyurdu.
Xatırladaq ki, Yunanıstan daha öncə qrupda bir oyun keçirmişdi və səfərdə Polşaya 0:3 hesabı ilə yenilmişdi. Bu, rəqibimizin cari seçmə mərhələdə ilk ev oyunu idi. Oyunu federasiya rəhbərliyi ilə birgə Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov və səfirliyin əməkdaşları da izləyirdilər.
Azərbaycan yığması səfər matçında demək olar ki, çətinlik çəkməyib. Yeddi cavabsız qola sevinən komandamız ardıcıl ikinci oyunu da qələbə ilə başa vurub.
DÇ-2024-ün əsas seçmə mərhələsi
6-cı qrup
11 oktyabr
Yunanıstan – Azərbaycan 0:7
Qol: Rafael Vilela, 1:43. Xətai Bağırov, 5:00; 15:17. Qallo, 17:32; 24:38. Bolinya 26:28. Felipinyo, 38:52.
Hakimlər: Ademir Avdic, David Qlavonjiç, George Jansizian (hamısı İsveç).
Afina. Teodoros-Putos İdman zalı. Saat 19:00