29 oktyabr 2024. Çərşənbə axşamı

Nihad Quluzadə dünya çempionatının finalında!


  • Offside
  • 23:04 17.10.2022
  • Oxunma sayı: 89
Nihad Quluzadə dünya çempionatının finalında!
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı start götürüb. Corner.az xəbər verir ki, ilk yarış günündə 4 yunan-Roma güləşçimiz çıxış edib.
 
Mübarizəyə 1/4 finaldan qoşulan Nihad Quluzadə (55 kq) gürcüstanlı Giorgi Toxadzeylə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan qalib ayrılıb - 9:7. Quluzadə yarımfinalda ötən il böyüklər arasında dünya çempionu olmuş Ken Matsui ilə qarşılaşıb. Yaponiyalı rəqibinə heç bir şans tanımayan Nihad vaxtından əvvəl qələbə qazanaraq (8:0) finala vəsiqə qazanıb. Güləşçimiz həlledici görüşdə iranlı Poya Marzla qarşılaşacaq.
 
Ziya Babaşov (63 kq) ispaniyalı Endi Xuan Suçu tam üstünlüklə (9:0) məğlub etdikdən sonra türkiyəli Mustafa Yıldırımı (3:1) məyus edərək adını yarımfinala yazdırıb. Ancaq Babaşov finalın bir addımlığında iranlı İman Mohammadiyə uduzub – 1:5. Ziya bürünc medal uğrunda mübarizə aparacaq. Rəqib Ahmed Bağduda (Misir) – Ryuta İkeda (Yaponiya) görüşünün qalibi olacaq.
 
Laçın Vəliyev (87 kq) startda estoniyalı Andreas Vaelisi 4:2 hesabıyla üstələsə də, 1/4 finalda polşalı Şimon Şimonoviçlə bacarmayıb - 0:8.
 
Sərxan Məmmədov (130 kq) qazaxıstanlı Damir Zuparova 8:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Həmyerlimiz amerikalı Maykl Şultsa da gücünü göstərərək (5:1) yarımfinala adlayıb. Finalın bir addımlığında ukraynalı Mixaylo Vişnivetskiyə 3:6 hesabıyla uduzan Məmmədov bürünc medal uğrunda güləşəcək. Onun rəqibi Əliəkbər Yusufiəhmədçali (İran) – Marin Nişimura (Yaponiya) görüşünün qalibi olacaq.
 
Bu çəkilərdə medal qarşılaşmaları sabah Bakı vaxtı ilə 20:00-da başlayacaq.






Offside