Ukrayna Futbol Assosiasiyası (UAF) Rusiya Futbol İttifaqının (RFS) UEFA və FİFA-dan çıxarılmasını tələb edir. Corner.az xəbər verir ki, bu barədə UAF prezidenti Andrey Pavelko sosial şəbəkə hesabında yazıb.
Buna Rusiya Federasiyasının baş nazirinin müavini Dmitri Çernışenkonun açıqlaması səbəb olub. O, ölkə başçısı Vladimir Putinə hesabat verərkən hökumətin RFS ilə yeni ərazilərin Rusiya futbol çempionatlarına inteqrasiyası ilə bağlı razılaşmasını elan edib. Pavelko bunları yazıb:
“UAF dərhal FİFA və UEFA-ya RFS-ə qarşı ən sərt sankiyaların tətbiq edilməsi tələbi ilə müraciət göndərir. Təşkilatların nizamnamələrini kobud şəkildə pozduğuna görə Rusiyanın UEFA və FİFA-dan çıxarılmasını tələb edəcəyik”.
Vladimir Putin sentyabrın 30-da qondarma “Donetsk (DXR) və Luqansk (LXR) xalq respublikaları”nı, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi haqqında sazişlər imzalayıb.