Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnir davam edir. Corner.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 7 boksçusu rinqə çıxıb.
Onlardan Malik Həsənov (63,5 kq) döyüşmədən qalib elan edilib. O, yarımfinalda Hamlet Minatsakanyanla (Ermənistan) qarşılaşmalı olsa da, rəqib komandası ilə birgə turnirdən ayrılıb. Həsənov həlledici döyüşdə Roman Samuellə (Rumıniya) mübarizə aparacaq.
Sərxan Əliyev (71 kq) 1/4 final mərhələsi çərçivəsində Soma Mesteri (Macarıstan) sınağa çəkib. Gərgin keçən qarşılaşma dünya çempionatının mükafatçısının xeyrinə başa çatıb. Bu qələbə ilə özü üçün azı bürünc medalı təmin edən Əliyev yarımfinalda polşalı Damyan Durkajla qüvvəsini sınayacaq.
Yarımfinalda Sian Reddi (İrlandiya) ilə döyüşən Nəbi İsgəndərov (67 kq) rəqibinə heç bir şans verməyib. Hakimlərin yekdil qərarı ilə qələbə qazanan Avropa çempionatının mükafatçısı finalda polşalı Pavel Suleçki ilə münasibətinə aydınlıq gətirəcək.
Murad Allahverdiyev (80 kq) də rinqdən qalib ayrılıb. O, yarımfinalda Valeri Razmeritaya (Moldova) gücünü göstərib. Təmsilçimiz finalda digər moldovalı Andrey Çiryasovla qarşılaşacaq.
Alfonso Dominqes (86 kq) da Tomaş Nyedzvyeçkini (Polşa) məğlub etməkdə çətinlik çəkməyib. Yarımfinalda inamlı qələbə qazanan dünya çempionumuz finalda polşalı Klemens Şepanyakla üz-üzə gələcək.
86 kq çəki dərəcəsində mübarizə aparan digər boksçumuz Eldar Quliyev isə bürünc medalla kifayətlənib. Dominqesin rəqibi olacaq Şepanyak onunla döyüşdən qalib ayrıldığından təmsilçimiz turniri üçüncü pillədə bitirib.
Rauf Rəhimov (92 kq) da Polşada 3-cü yeri tutub. O, yarımfinalda Mateuş Berezniçkiyə (Polşa) məğlub olub. Tayfur Əliyev (60 kq) isə 1/4 final mərhələsi çərçivəsində Krasimir Djurovla (Bolqarıstan) qarşılaşıb və mərhələni rəqib adlayıb.
Hələlik 2 boksçumuz bürünc medalı rəsmiləşdirdiyi halda, 5 idmançımız finalda döyüşəcək. Yığmamızın daha 4 üzvü isə yarımfinal qarşılaşmasına çıxacaq.
Qeyd edək ki, 16 ölkənin iştirakı ilə keçirilən turnirə noyabrın 13-də yekun vurulacaq.