Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov ölkə çempionatının 2022/23 mövsümünün püşkatma mərasimində iştirak edib. Corner.az xəbər verir ki, Məmmədov, minifutbolun ölkəmizdə inkişaf etdiyini deyib:
“İnanıram ki, püşkatma mərasimini keçirdiyimiz çempionat xeyirli olacaq. Minifutbol artıq əhali arasında geniş yayılıb. Bunu görən yerli sahibkarlar məhz bu sahəyə yatırımlar edib. Həm Bakıda, həm də ətraf rayonlarda minifutbol meydançaları fəaliyyətə başlayıb. Sahibkarlar da bu sahəyə külli miqdarda yatırım ediblər. Bakıda artıq 40-a yaxın minifutbol meydançası var. Bu idman növünün peşəkar səviyyəyə çatdırılması məsələsi çoxdandır gündəmdədir. Bu üzdən, həm federasiyanı yaratdıq, həm də Avropa federasiyasına üzv olduq”.
Orxan Məmmədov Azərbaycan çempionatının qalibinin ölkəmizi beynəlxalq arenada təmsil etdiyini vurğulayıb:
“Milli komandamızın son çempionluğu sayəsində Avropada adımızdan söz etdirməyə başladıq. Avropa çempionluğunun ardından ölkə başçısı İlham Əliyevin qəbulundan sonra komandaların çempionata marağı artıb. Əminəm ki, bundan sonra da bayrağımız altında keçirilən tədbirlər geniş vüsət alacaq”.
Fəxri prezident veteran futbolçuların bu sahəyə yönəlmələri baxımından da minifutbol çempionatına marağın yaranacağını əlavə edib.
Bəzi regionlar da daxil olmaqla liqada 17 komanda mübarizə aparacaq. Yarışda 1-ci və 2-ci yerləri tutan komandalar Çempionlar Liqasında, 3-cü yerin sahibi isə Avroliqada ölkəmizi təmsil etmək hüququ qazanacaq.