- Offside
- 18:43 29.11.2024
Azərbaycan taekvondoçusu Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Corner.az-ın məlumatına görə, kişilərin yarışında 68 kq çəki dərəcəsində çıxış edən Cavad Ağayev ilk olaraq təsnifat mərhələsində Tayland təmsilçisi Çayçon Ço ilə üz-üzə gəlib.
Ağayev növbəti mərhələdə polşalı Mateus Şesnovskini yolundan kənarlaşdırıb.
Azərbaycan təmsilçisi 1/8 finalda özbək Uluqbek Raşitov, 1/4 finalda isə iordaniyalı Zaid Mustafadan üstün olub.
Yarımfinalda cənubi koreyalı Kvon Doyun ilə üz-üzə gələn Cavad Ağayev ilk raundda qələbə qazansa da, sonrakı iki raundda məğlub olaraq bürünc medalla kifayətlənməli olub.
Qadınların yarışında isə 49 kq çəki dərəcəsində mübarizə aparan Patimat Abakarova təsnifat mərhələsində yunanıstanlı Anastasia Kokosidən üstün olub.
Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı növbəti – 1/16 final mərhələsində israilli Avişaq Semberqə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, daha əvvəl mübarizəyə qoşulan Taleh Süleymanov (87 kq) ilk qarşılaşmasında Serbiyanı təmsil edən Mehdi Khodabakhshiyə uduzub.